canlandırmadan nə nasizmi, nə də Qərbi
Almaniyanın müharibədən sonrakı
inkişafını izah etmək mümkün deyil. Bəşər
həyatının qiymətdən düşməsini nümayiş
etdirən, misilsiz qəddarlıq və mənasızlıqda
milli fəlakət yaşayan o nəslin yazıçısı Böll,
ekzistensializmdən, bu ümidsizlik və
dözümlülük fəlsəfəsindən təsirlənmişdi.
Yazıçının dövrü təkcə nasist keçmişi ilə
deyil, həm də əbədi İncil dəyərləri ilə
sınaqdan keçirilir.
Yazıçı, müharibənin sonunda əsgərlərin
taleyindən bəhs edən “Adəm, sən harada
idin?” adlı ilk romanını yazır. Əsərdə bir-
birindən tamamilə müstəqil olan doqquz
hekayə, müharibənin əhval-ruhiyyəsini
tamamilə dəqiq şəkildə çatdıran vahid bir
süjetdə birləşir. Yazıçı, obrazların təsvirində
kontrast texnikasından istifadə edərək,
onları ən xırda təfərrüatı ilə maraqlı və
ətraflı təhlillə təsvir etmişdir. Bütün
obrazlar son dərəcə ümumiləşdirilmişdir.
Yazıçının romanı orijinal və yetkin bir
əsərdir. Burada müəllifin seçdiyi formada
ideya və icra harmonik uyğunluq
vəziyyətinə gətirilir. “Adəm, sən harada
idin?” sualının cavabı aydındır -
"müharibədə." Bəs onun müharibədə
olmasında, yaxud, Almaniyada müharibə
və faşizmin mümkün olmasında günahkar
kim idi? – sualları əsərin əsas məzmununu
təşkil edir. Yazıçı, qəhrəmanlarını incəliklə
təsvir edir, lakin, onların hərəkətlərini heç
bir şəkildə şərh etmir, qəhrəmanlarını təbliğ
etmir, heç bir siyasi proqram irəli sürmür,
nə etmək lazım olduğunu demir, amma
nəyin mümkün olmadığını dəqiq bilir: İncil
qanunlarını poza bilməzsiniz, din, İncil və
insanlıq arasındakı əlaqəni poza
bilməzsiniz [4, 45].
Yazıçı əsərdə çatdırır ki, insanlar,
onlardan tələb olunan hər şeyi mexaniki
şəkildə yerinə yetirən saat mexanizmi
kimidirlər. Qəhrəmanların qorxusu yoxdur
və onların hamısı bir zəncirlə bir-birinə
bağlıdırlar. Onların hər birinin öz dərdi
vardır. Hər şey hədsiz yorğunluq, kədər,
qəm və sonu gözləmə ilə müşahidə olunur.
Bu insanlar, artıq müharibənin əvvəlində öz
güc və istəkləri ilə əylənən deyil, heç nə
istəməyən insanlardır. Onlar yalnız evə
dönmək və bir neçə qurtum su istəyən
insanlardır. Ölüm – qoca və ya cavan,
rəssam və ya memar olmağından asılı
olmayaraq hamını haqlayır. Müharibənin
dəhşəti, ilk növbədə, ölümü adi hala
gətirməsidir.
Yazıçı, dəhşətli epizodları, bir yəhudi
qızının ölümünü, iki əsgərin yenicə
öldürülmüş yoldaşının cəsədinin yanında
keçirdikləri pikniki təsvir edir. Onun
qəhrəmanları müharibə zamanı qaçmağa
çalışan, passiv müqavimət göstərən və
həlak olan əsgərlərdir. Mürəkkəb süjet
xəttində yazıçının qəhrəmanları sərgərdan,
qaçaq, real hadisələr qarşısında aciz,
dağıdılmış şəhərin xarabalıqları altında
yaşayan kiçik insanlar kimi təqdim olunur.
Son ümidini itirmiş insanlar, qəti addım
atmağa qadir deyillər. Amma buna
baxmayaraq, onların bu dünyada öz
yerlərini tapmaq ümidi var [16, 65].
Yazıçıya görə, müharibə və həyatda
olduğu kimi, aclıq qürurdan, ağrı həyadan,
məhəbbət qorxudan güclüdür. İnsanlar
dərilərini xilas etmək üçün, öz arzu və
ehtirasları, tənbəllik və səhlənkarlıqları,
bədbəxtlikləri və dəlilikləri, əbədi arzuları
ilə “kiçik adam” olaraq qalırlar. Üçüncü
Reyxin ordusunun qalıqları ilə birlikdə
birdən-birə müharibəyə və geri çəkilməyə
başlayan bu “kiçik adama”
təəssüflənməmək mümkün deyil. Belə bir
insan sadəcə olaraq öz funksiyasını yerinə
yetirən bir insandır, ucsuz-bucaqsız həyat
okeanından bir damladır [3, 44].